“Azərbaycan Avrasiya İqtisadi Birliyində olan dövlətlərlə ikitərəfli münasibətlərini bu gün də inkişaf etdirir. Azərbaycanın bu gün nail olduğu kommunikasiyalar və əldə etdiyi iqtisadi inkişaf prosesində Avrasiya İqtisadi Birliyində yer tutan ölkələr xüsusi yer tutur”.
Bunu hafta.az-a Milli Məclisin deputatı Mahir Abbaszadə Avrasiya İqtisadi Birliyinin toplantısında qonaq qismində iştirak edən Azərbaycanın üzv ölkələrlə iqtisadi əlaqələrinin gələcək perspektivi, vəd etdiyi iqtisadi üstünlükləri təhlil edərkən bildirib.
M.Abbaszadə bildirib ki, Azərbaycan tək Ermənistanı çıxmaq şərti ilə Avrasiya İqtisadi Birliyinə daxil olan bütün dövlətlərlə qarşılıqlı iqtisadi əlaqələri inkişaf etdirib. Onun sözlərinə görə, uzun müddətdir post-sovet məkanında yaşayan Azərbaycanın bu gün Avrasiya İqtisadi Birliyinin üzvü olan dövlətlərlə iqtisadi əlaqələri keçmiş SSRİ-dövründən başlayaraq bu günə qədər davam etməklə yüksək iqtisadi göstəricilərə malikdir.
“Azərbaycanın xarici ticarət dövriyyəsində ən mühüm yerlərdən birini Rusiya Federasiyası tutur ki, bu da Avrasiya İqtisadi Birliyinin hərəkətverici aparıcı dövlətlərindən biridir. Eyni zamanda Azərbaycanın Belarus, Qazaxısatan, Özbəkistan, Türkmənistanla bütün sahələr üzrə çox ciddi iqtisadi əlaqələri var. Təsadüfi deyil ki, Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 4,7 milyard dollar təşkil edir ki, bu da Azərbaycanın xarici ticarət dövriyyəsində kifayət qədər yetərli bir rəqəmdir”.
Deputat eyni zamanda bildirib ki, ötən il Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin Azərbaycanın ticarət dövriyyəsindəki payı təxminın 9 faizə yaxın olub. Onun fikrincə, Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərlə iqtisadi əlaqələrin inkişaf etməsinin bundan sonrakı müddətdə də Azərbaycana böyük faydası var.
M.Abbaszadə Ermənistanın bu cür yüksək iqtisadi əlaqələrdən kənarda qalmasında bu ölkənin özünün əsas səbəbkar və günahkar olduğunu önə çəkib. O, qeyd edib ki, Ermənistan uzun müddət Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edib, Azərbaycanın 20 faiz torpaqlarının işğalını həyata keçirdib. Erməni işğalı Azərbaycanla Naxçıvan arasında olan iqtisadi əlaqələrə maneə yaradıb, nəqliyyat əlaqələrinin tamamilə pozulmasına gətirib çıxardan davranışlar həyata keçirdib.
M.Abbaszadə bildirib ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərlə bundan sonra da iqtisadi əlaqələrini inkişaf etdirməlidir. Onun fikrincə, bunu keçmiş SSRİ-nin tərkibində yaşadığımız müddətdə yaranmış iqtisadi əlaqələr, eyni zamanda həmin ölkələrdə yaşayan kifayət qədər soydaşlarımızın olması faktı tələb edir.
Deputat hesab edir ki, Avrasiya İqtisadi Birliyinə aid olan dövlətlər içərisində bəzi dövlətlərlə quruda və suda sərhədlərimizin olması həm loqistik imkanlarımızı, həm də iqtisadi əlaqələrimizin gələcəkdə daha da inkişaf etməsini diqtə edir.